Martın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 31 Mart- Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir 31 mart soyqırımı qurbanlarının, həmçinin Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev iştirakçılara rektor, professor Mustafa Babanlının salamlarını çatdırıb və hər il soyqırımı xatırlamaqla, milli-mənəvi dəyərlərimizi qorumaqla gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyətini qeyd edib.
ADNSU-nun Humanitar fənlər kafedrasının müdiri, professor Camal Mustafayev əsrlərboyu qəsbkarlıq siyasəti aparan ermənilərin torpaqlarımızda törətdikləri dəhşətli qırğınlardan danışıb, həmçinin o dövrün siyasi mənzərəsindən və tarixi faktlardan danışıb.
Humanitar fənlər kafedrasının professoru İradə Nuriyeva 1918-ci ilin Azərbaycan tarixində mühüm hadisələrlə yanaşı milli müstəqilliyimizin qarşısını almaq üçün Azərbaycanlılara qarşı törədilən soyqırımla da yadda qaldığını bildirib və 31 Mart soyqırımının öz dəhşətləri ilə tariximizin ən qanlı salnaməsinə çevrildiyini deyib.
Sonra ADNSU tələbələri “31 mart Azərbaycanlıların soyqırımı günü” mövzusunda təqdimatla çıxış ediblər.