Mayın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Energetika fakültəsi (EF) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Milli enerji strategiyasının yaradıcısı” adlı tədbir keçirilib.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın energetika sahəsinə verdiyi tövfələrdən bəhs edən “Heydər Əliyev və Azərbaycan Energetikası” adlı qısametrajlı film nümayiş olunub.
Sonra tələbə Ruhəngiz İsayeva “Əsrin Adamı və Əsrin Müqaviləsi” mövzusunda geniş təqdimatla çıxış edib.
Energetika fakültəsinin dekanı, dosent Aydın Əliyev “Heydər Əliyev və Azərbaycan Elektroenergetikası”mövzusunda çıxış edib. Ulu öndərin əsasını qoyduğu enerji strategiyasının əsas istiqamətlərindən söz açan A.Əliyev enerji siyasətinin Azərbaycanın regiondakı strateji mövqeyini daha da gücləndirdiyini və ölkənin son illərdə regional və qlobal müstəvidə qazandığı uğurlarda enerji diplomatiyasının mühüm rolu olduğunu qeyd edib.