Martın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İB və “Damla” aztəminatlı ailələrə qayğı İB-nin təşkilatçılığı ilə “H.Z.Tağıyevin örnək həyatının tələbə gənclərə öyrədilməsi” layihəsi çərçivəsində görüş keçirib.
Tədbiri giriş sözü ilə açan ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova qonaqları salamlayaraq gənclər arasında H.Z.Tağıyevin fəaliyyətinin təbliğ olunmasının əhəmiyyətini qeyd edib.
ADNSU-nun Humanitar fənlər kafedrasının müdiri, professor Camal Mustafayev H.Z.Tağıyevin həyat və fəaliyyətindən danışıb, onun xeyriyyəçilik və vətənpərvərlik kimi yüksək mənəvi keyfiyyətlərindən söz açıb.
Sonra H.Z.Tağıyevin həyatından bəhs edən video çarx nümayiş olunub.
Tarixçi Firdovsiyyə Əhmədova H.Z.Tağıyevin həyatı, fəaliyyəti barədə dolğun məlumat verərək maarifçilik və xeyriyyəçilik sahəsində göstərdiyi xidmətlərdən danışıb. Gənc nəslin maariflənməsi və təhsil alması üçün gördüyü xeyriyyə işlərindən danışıb, xüsusi ilə də qızların təhsilə cəlb olunması üçün əvəzsiz xidmətlərindən bəhs edib.
İslam bankçılığı üzrə beynəlxalq ekspert Anar Yusufzadə və Karyera planlaşdırılması üzrə mütəxəssis Toğrul Ələkbər Tağıyevin gördüyü genişmiqyaslı xeyriyyə işlərinin əhəmiyyətindən, həmçinin xeyriyyəçiliyin gənclərin karyerasının inkişafına təsirindən bəhs ediblər.
“Aydınlığa doğru”İB-nin sədri Solmaz Əmirli xeyriyyəçiliyin insanı mənəvi cəhətdən zənginləşdirdiyini deyərək tələbələrə “Tağıyev klubu” yaratmağı və böyük mesenatın xeyriyyəçilk ənənəsini davam etdirməyi təklif edib.
“Damla” İB-nin sədri Nigar Abdullayeva çıxışında Tağıyev xeyriyyəçilik mədəniyyətinin bərpa edilərək müasir toplumda tətbiqinin əsas məqsəd kimi qarşıya qoyulduğunu deyib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və görüşdə fəal iştirak edən tələbələr mükafatlandırılıb.