Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin VII Məclisi keçirilib
Dekabrın 7-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) VII Məclisi keçirilib.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra ATİAHİ RK-nın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iclasın gündəliyi ilə Məclis üzvlərini tanış edib. Gündəlikdə “ATİAHİ RK-nın Məclis üzvləri arasında qismən dəyişiklik edilməsi barədə”, “2021-2023-cü illər üçün bağlanmış Kollektiv Saziş və kollektiv müqavilələrin əmək münasibətləri, əməkhaqqı və əmək normaları, iş və istirahət vaxtı bölməsindəki maddələrinin yerinə yetirilməsi ilə bağlı üzv təşkilatların gördükləri işlər barədə”, “Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin büdcə göstəricilərinin təsdiqi barədə”, “Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi aparatının və üzv təşkilatlarının  ştat cədvəlinin təsdiqi barədə”, “ATİAHİ-nin Nizamnaməsinə qismən dəyişiklik edilməsi barədə” məsələlər öz əksini tapıb.

İclasda gündəlikdə duran hər bir məsələ ilə bağlı müvafiq qərarlar qəbul edilib.

“2021-2023-cü illər üçün bağlanmış Kollektiv Saziş və Kollektiv Müqavilənin şərtlərinin  yerinə yetirilməsi ilə bağlı üzv təşkilatların fəaliyyəti barədə” məsələnin müzakirəsi zamanı qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında bağlanmış Baş Kollektiv Sazişə əsaslanaraq ATİAHİ RK və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi arasında 2021-2023-cü illər üçün Kollektiv Saziş bağlanıb. Həmin Kollektiv Sazişi eyni zamanda Azərbaycan Respublikasının Əmək Məcəlləsini, “Həmkarlar İttifaqları Haqqında” Azərbaycan Respublikasının Qanununu, təşkilatın Nizamnaməsini və Respublika Komitəsinin qərar və tövsiyələrini əldə rəhbər tutaraq şəhər və rayon həmkarlar ittifaqı komitələri müvafiq təhsil şöbələri ilə, ilk təşkilatlar isə müvafiq təhsil müəssisəsi rəhbərləri ilə kollektiv müqavilə bağlayıblar.

Kollektiv Saziş və müqavilələrdə təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqları, o cümlədən əməyinin ödənilməsi qaydaları və miqdarı, müavinətlərin, əlavələrin və digər ödəmələrin müəyyən edilməsi, iş və istirahət vaxtı, məzuniyyətlərin müddətləri haqqında şərtlər, işçilərin əmək şəraitinin yaxşılaşdırılması üçün əlavə təminatların müəyyən edilməsi, işəgötürənin təşəbbüsü ilə işçinin əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqı təşkilatı ilə razılaşmaların aparılması və digər mühüm öhdəliklər öz əksini tapıb.

Qeyd olunub ki, Respublika Komitəsi tərəfindən ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının pozulması ilə əlaqədar daxil olan müraciətlər, eyni zamanda şifahi daxil olan müraciətlər ciddi şəkildə araşdırılıb, müvafiq köməklik edilib. Eyni zamanda Kollektiv Sazişdə öz əksini tapan müvafiq öhdəliyin yerinə yetirilməsi nəticəsində 2022-ci ildə 6 437 nəfər əlil təhsil işçisinə əlavə əməkhaqqının verilməsinə nail olunub.
Məsələyə münasibət bildirən S.Möhbalıyev qeyd edib ki, bunun təmin edilməsi müsbət nəticə kimi qeyd edilməlidir. O həmçinin bildirib ki, rayon, şəhər və rayon hüquqlu komitələr daim kollektiv müqavilənin şərtlərinin yerinə yetirilməsinə nəzarət etməlidir. Həmçinin kollektiv müqavilə hazırlanan zaman bu sənədin kollektiv arasında müzakirəsi təmin edilməli, ittifaq üzvlərini narahat edən problemlər nəzərə alınmalıdır. Eyni zamanda ittifaq üzvlərinin müraciətlərinə həssas yanaşılmalı, onları narahat edən problemlərin həllinə köməklik göstərmək lazımdır.

Sonra “ATİAHİ-nin Nizamnaməsinə qismən dəyişiklik edilməsi barədə” məsələ müzakirə edilərək qərar qəbul edilib.

Daha sonra iclasda 2023-cü təqvim ili üçün ATİAHİ RK-nın büdcə göstəriciləri və RK Aparatının ştat cədvəli təsdiq edilib.

Tədbirin sonunda S.Möhbalıyev gələcək fəaliyyətlə bağlı rayon, şəhər və rayon hüquqlu həmkarlar ittifaqı komitələrinin sədrlərinə tövsiyələrini çatdırıb.

Bizimlə əlaqə

+994 12 493 54 57

adnsu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, Azadlıq prospekti 16/21 (ADNSU, əsas tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo