Füzuli Beynəlxalq Hava Limanının açılması qələbəmizin davamıdır
“Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasəti, Azərbaycan xalqının sarsılmaz birliyi və yenilməz Ordumuzun qəhrəmanlığı sayəsində qazandığımız parlaq qələbə bizi növbəti uğurlara daşımaqdadır. Vaxtı ilə utopik görünən arzularımız indi realdır. İşğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri sürətlə və keyfiyyətli şəkildə davam etdirilir. Artıq bir sıra iri layihələrin icrası tamamlanıb. Ötən gün Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılmasına bütün dünya şahid oldu. Qısa müddətdə – cəmi 8 ay ərzində müasir tələblərə tam cavab verən belə bir aeroportun inşa edilməsi dövlətimizin dayanıqlı iqtisadi qüdrətinin bariz nümunəsidir. Bu hava limanı bölgəni nəqliyyat-logistika mərkəzinə çevirəcək, turizm potensialını artıracaq, iqtisadi inkişafına təkan verəcək”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Qarabağda beynəlxalq aeroportun inşa edilməsi Vətən müharibəsində qazandığımız qələbənin uğurlu nəticələrindəndir: “Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın açılış mərasimində iştirak etməsi bu hadisənin nə qədər əhəmiyyətli və tarixi xarakter daşıdığını göstərir. Türkiyə və Azərbaycan hər zaman bir-birinin yanında olub. Bu gün qardaş ölkə ilə bütün sahələrdə əlaqələr davamlı yüksələn xətt üzrə inkişaf edir, keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Vətən müharibəsi başlayan ilk saatlardan Türkiyə Prezidenti Azərbaycanla həmrəyliyini ifadə etdi. Bu, Azərbaycanın haqq işinə müdaxilə etmək iddiasında olan Ermənistanın havadarlarına bir mesaj idi. Qardaş ölkənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər, beynəlxalq təzyiqlərə baxmayaraq, qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədilər. Ötən gün baş tutan açılış mərasimində qardaş ölkənin liderinin iştirak etməsi bu həmrəyliyin məntiqi davamıdır”.

Milli Məclisin deputatı bildirib ki, Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan Zəngəzur dəhlizi – Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu bölgə ilə yanaşı, bütün region ölkələri üçün əhəmiyyətli olacaq, iqtisadi əlaqələrin inkişafına mühüm töhfələr verəcək.

Bizimlə əlaqə

+994 12 493 54 57

adnsu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, Azadlıq prospekti 16/21 (ADNSU, əsas tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo