Gənclərin məşğulluğuna dair aparılmış təhlilin nəticələri  müzakirə olunub
Noyabrın 2-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə onlayn konfrans keçirilib. Ali təhsil müəssisələrinin həmkarlar ittifaqı təşkilatlarının sədrlərinin qoşulduğu tədbir gənclərin məşğulluğuna dair aparılmış təhlilin nəticələrinin müzakirəsinə həsr edilib. Konfransda ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə çıxış edərək gənclərin məşğulluğuna dair keçirilmiş təhlil və onun nəticələri barədə məlumat verib. Qeyd edib ki, təhlilin aparılmasında məqsəd gənclərin məşğulluq problemindən nə dərəcədə əziyyət çəkdiyini araşdırmaqdır. 
M.Cəfərzadə bildirib ki, son illər ölkədə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatlar nəticəsində milli iqtisadiyyatın güclənməsi və dinamik inkişafı, dayanıqlı  sosial-iqtisadi infrastrukturun yaradılması və yoxsulluq səviyyəsinin əhəmiyyətli dərəcədə azaldılması əhalinin demoqrafik artımına şərait yaradıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli qərarı ilə “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası” təsdiq edilib: “Lakin gənclərin peşəyönümü işinin təşkili və metodik ədəbiyyatla təminatı sahəsində hələ də problemlər vardır. Bir sıra ali, orta ixtisas məktəblərində şagird və tələbələrin peşəyönümü işinə kifayət qədər diqqət yetirilmir, bu sahə üzrə kabinetlər yaradılmır. Bu da gələcək potensial işçi qüvvəsinin peşəyönümü işini xeyli çətinləşdirir. Əmək bazarında iş yeri uğrunda mövcud olan rəqabət, gənclər arasında işsizlik səviyyəsi Azərbaycanda da işsizlərin ümumi orta göstəricisindən yüksəkdir. Tələbələrin əldə etdikləri bilik və bacarıqların əmək bazarının kompetensiyalarına uyğun olmaması bu prosesi bir qədər də çətinləşdirir”. 
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən qəbul edilmiş «Gənclər siyasəti konsepsiyası», «Azərbaycan həmkarlar ittifaqlarının gənclər siyasətinin həyata keçirilməsi», «Azərbaycan həmkarlar ittifaqlarının gənclər siyasəti üzrə fəaliyyətinin əsas istiqamətləri» haqqında qərarlar, “Kadr Siyasəti Konsepsiyası”nda və digər sənədlərdə gənc kadrların hazırlanmasına və onların təhsilinə xüsusi diqqət yetirildiyini xatırladan M.Cəfərzadə bildirib ki, gənclərin sosial həyatda fəal və yaradıcı bir qüvvə olaraq iştirakına çalışan AHİK onları narahat edən müxtəlif problemləri, qarşılaşdıqları çətinlikləri araşdırıb həll etmək üçün müəyyən işlər həyata keçirir. Gənclər arasında sorğuların keçirilməsi bu çətinliklərin müəyyən edilməsi məqsədini daşıyır: “Aparılan sorğu nəticəsində məlum olub ki, gənclər təhsili başa vurduqdan sonra ixtisasları üzrə iş axtarmaq istədiklərini, lakin iş təcrübəsinin olmaması, iş saatlarının uyğunsuzluğu, iş yerlərinin məhdudluğu kimi bir sıra çətinliklərlə  üzləşirlər”. M.Cəfərzadə qeyd edib ki, gəclərin məşğulluğuna dair AHİK-in əməkdaşı və ekspertlər tərəfindən aparılmış təhlil giriş və 8 fəsildən ibarətdir.  Hər bir fəsildə ayrı-ayrı istiqamətlər üzrə mövcud problemlərdən və perspektivlərdən bəhs edilir.
Sonra o, ayrı-ayrı istiqamətlər üzrə ortaya çıxan nəticələr, problemlərin aradan qaldırılması üçün irəli sürülən təkliflərdən danışıb. 
Qarşılıqlı fikir mübadiləsi çərçivəsində keçirilən onlayn konfransda iştirakçılar gənclərin məşğulluq problemlərinin aradan qaldırılması ilə bağlı ali təhsil müəssisələrində həyata keçirilən tədbirlərdən danışıblar 

Bizimlə əlaqə

+994 12 493 54 57

adnsu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, Azadlıq prospekti 16/21 (ADNSU, əsas tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo