“Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi idman yarışlarının qaliblərini mükafatlandırıb
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş idman yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə ali təhsil müəssisələri arasında 6 idman növü üzrə Spartakiadanın, Bakı şəhərinin ümumtəhsil müəssisələrinin işçiləri arasında 5 idman növü üzrə yarışların, ali məktəb tələbələri arasında 8 idman növü üzrə XV Respublika Universiadasının və orta ixtisas təhsili müəssisələrinin 3 idman növü üzrə yarışların qalibləri iştirak ediblər.
Öncə Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, idman yarışlarını təşkil etməkdə məqsəd Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə hörmət və ehtiram göstərmək, xalqımızın milli sərvəti olan Ulu Öndərin zəngin və çoxşaxəli irsini örənmək və təbliğ etməkdir: “Bu tədbirlər həm ümumtəhsil məktəblərinin müəllimləri, həm də ali məktəblərin işçi və tələbələri tərəfindən böyük həvəslə qarşılanıb. Bu idman tədbirlərində mindən çox müəllim və yüzlərlə tələbə çıxış edib. Azərbaycanda idman sahəsində əldə olunan uğurların bünövrəsində əsası Ulu Öndər tərəfindən qoyulmuş idman siyasəti dayanır. Hələ Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycanda bütün sahələrin, o cümlədən  idmanın gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. Bu illərdə ölkədə bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, idman meydançaları salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. Ölkədə idmanın maddi-texniki bazasının yaradılması üçün çox işlər görülmüş, 1974-cü ildə Bakıdan başqa, Azərbaycanın 36 rayonunda 59 uşaq- gənclər idman məktəbi fəaliyyət göstərirdi. Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra da bu sahənin inkişafına öz diqqət və qayğısını əsirgəmədi”.

Səttar Möhbalıyev qeyd edib ki, Ulu Öndərin idmanın inkişafı ilə bağlı əsasını qoyduğu strategiya bu gün uğurla davam etdirilir: “Kütləvi bədən tərbiyəsinin inkişafı, gənc nəslin sağlam böyüməsini təmin etmək məqsədi ilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bir çox fərman və sərəncamlar, dövlət proqramları imzalanıb. Bakıda və bütövlükdə Azərbaycanda idman infrastrukturun yaradılması istiqamətində böyük işlər görülüb. Azərbaycanda idmanın kütləviliyi təmin edilir və olimpiya hərəkatı yüksək səviyyədədir. Hesab edirəm ki, idmanda əldə olunan uğurlarda kütləvi bədən tərbiyəsinin inkişafının da öz rolu var. Biz də həmkarlar təşkilatı hər zaman olaraq bu sahəyə diqqət ayırırıq. Vaxtaşırı olaraq tələbələr, müəllimlər arasında müxtəlif kütləvi idman yarışları təşkil olunur, universiadalar, spartakiadalar keçirilir. Biz idmanın kütləviliyinin təmin edilməsi və təhsil işçilərinin asudə vaxtının səmərəli təşkilinə istiqamətlənmiş fəaliyyətimizi bundan sonra da davam etdirmək əzmindəyik”.

Sonra mükafatlandırma mərasiminə başlanılıb. Ali məktəb işçiləri arasında keçirilən Spartakiadanın 118, Bakı şəhərinin ümumtəhsil məktəblərinin işçiləri arasında keçirilən yarışların 130 qalibinə hədiyyə kuponu və diplomlar verilib.

Eyni zamanda ali məktəb tələbələrinin XV Universiadasının və orta ixtisas təhsili müəssisələrinin yarışlarının ümumilikdə 300-ə yaxın qalibinə kubok, diplom və idman forması təqdim olunub.

Bizimlə əlaqə

+994 12 493 54 57

adnsu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, Azadlıq prospekti 16/21 (ADNSU, əsas tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo