Dekabrın 9-da Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Yeni Azərbaycan” mövzusunda konfrans keçirilib.
Əvvəlcə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə əklil qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbir iştirakçılarını salamlayıb, konfransın işinə uğurlar arzulayıb. Tahir Budaqov bildirib ki, müasir müstəqil Azərbaycanın banisi, Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın Ümummilli Lideri, dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin zəngin dövlətçilik irsinin tədqiqi, əbədiyaşayar ideyalarının öyrənilməsi, təşviqi və təbliği xüsusi əhəmiyyətə malik olmaqla daim aktual və vacib məsələlərdəndir. Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə elan edilmiş “Heydər Əliyev İli” çərçivəsində çoxsaylı tədbirlərin keçirilməsi də bu baxımdan müstəsna önəm kəsb edir.
Tahir Budaqov vurğulayıb ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qalibiyyətin ardınca “Heydər Əliyev İli”ndə Prezident İlham Əliyevin komandanlığı ilə qazanılan növbəti hərbi-strateji və diplomatik Qələbə nəticəsində üçrəngli bayrağımızın işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə dalğalanması, Azərbaycanın konstitusiya quruluşunun bərpası böyük mənəvi-siyasi əhəmiyyətə malik tarixi hadisədir: “Bu, Heydər Əliyev siyasətinin təntənəsi, Ümummilli Liderin vəsiyyətinin Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən yerinə yetirilməsidir. Prezident İlham Əliyevin Heydər Əliyev ideyalarına əsaslanan uzaqgörən siyasətinin real nəticəsi olan Böyük Qayıdış prosesi də çoxəsrlik dövlətçilik tariximizin ən parlaq səhifələrindən birinə çevrilməklə daha güclü Azərbaycanın etibarlı bünövrəsini formalaşdırmaqdadır”.
Sonra elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək 2023-cü ilin ölkəmizin tarixində ən şanlı illərdən biri olduğunu vurğulayıb: “Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi xalqımızın tarixində şanlı səhifə kimi qalacaq. Bu il ərzində Azərbaycanın müxtəlif təhsil müəssisələrində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbirlər keçirilir. Azərbaycan tarixi yeni baxış əsasında öyrənilir, Ulu Öndərin ideyaları təşviq olunur”.
Emin Əmrullayev bildirib ki, müstəqil Azərbaycanın bugünkü inkişaf səviyyəsinə çatmasında, dünya birliyində layiqli yer tutmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. O qeyd edib ki, Ümummilli Liderin Azərbaycanda elm və təhsilin inkişafında xüsusi rolu var. Məhz Heydər Əliyev tərəfindən 1970-ci illərdə respublikamızda təhsil islahatlarına başlanılmışdı. Nazirin sözlərinə görə, Heydər Əliyevin təhsil şəbəkəsinin artırılması, Azərbaycan vətəndaşlarının keçmiş Sovet İttifaqının ali məktəblərində təhsil alması istiqamətində fəaliyyəti mühüm əhəmiyyət kəsb edir: "Ulu Öndərin ölkəmizə rəhbərliyi dönəmi təhsilin qızıl dövrüdür. O dövrdə məktəb şəbəkəsi böyüdü, ucqar kəndlərdə məktəblər fəaliyyətə başladı. Ötən əsrin əvvəlində bir neçə min ali təhsilli insan var idisə, 1970-ci illərdə bu rəqəm yüz minə çatdı. Yəni Ulu Öndər Heydər Əliyevin 1970-ci illərdə ali təhsillilərin sayının artırılmasında böyük rolu var. Məhz bu dövrdə Azərbaycanda elm və təhsil sahəsində müsbət dinamikanın təməli qoyulub. Azərbaycan dilində tədris verən ümumi təhsil müəssisələrinin sayının artırılması və bu kimi irəliləyişlər məhz Ulu Öndərin adı ilə bağlıdır. 15 minə yaxın gəncin respublikadan kənarda – keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almasının dəstəklənməsi məhz Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə olub".
YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əskərov çıxışında bildirib ki, Prezident İlham Əliyevin 2023-cü ili ölkəmizdə “Heydər Əliyev ili” elan etməsi xalqımız tərəfindən böyük sevinclə qarşılandı: “Başa çatmaqda olan 2023-cü ilin bu günündən dönüb geriyə baxdıqda “Heydər Əliyev ili” çərçivəsində istər ölkəmizdə, istərsə də sərhədlərimizin hüdudlarından kənarda xalqımızın Ümummilli Liderimizin xatirəsini minlərlə konfrans, forum, yarış və müsabiqələr, sərgilər və s. bu kimi tədbirlərlə minnətdarlıq hissi ilə yad etdiyinin şahidi oluruq. Cari ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ulu Öndərin 100 illiyinə həsr olunmuş 50-dək müxtəlif konfrans, forum, müsabiqə keçirilib. Onların bir qismi universitetdaxili, bir qismi beynəlxalq tərəfdaşlarımızla birgə ölkəmizin hüdudlarında kənarda təşkil olunub”.
V.Əskərov deyib ki, Ümummilli Lider özünün zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq gərgin siyasi fəaliyyəti ilə 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız tarixi Qələbənin təməllərini yaratdı: “Bu gün xalqımız Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini ona olan böyük sevgi və ehtiram hissi ilə yanaşı, müzəffər xalq olaraq qürur, fəxarət və Prezident İlham Əliyevə minnətdarlıq hissləri ilə qeyd edir. Uğurlu antiterror əməliyyatları sayəsində Azərbaycan Respublikasının üçrəngli bayrağı Xankəndidə dalğalanmağa başladı və müstəqillik qazandığımızdan bəri nəhayət ki, Azərbaycanın dövlət suverenliyi ölkənin bütün ərazisində təmin edildi. 44 günlük Vətən müharibəsində qazandığımız zəfər və torpaqlarımızın azad olunması Prezident İlham Əliyevin uğurlu və uzaqgörən siyasətinin real nəticəsi olmaqla yanaşı, Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsidir”.
Sonra tədbirdə Yeni Azərbaycan Partiyasının media orqanı olan Yeni TV-nin hazırladığı “Heydər Əliyev və Yeni Azərbaycan” adlı film nümayiş olunub.
Daha sonra çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Kamal Cəfərov ilk olaraq “Heydər Əliyev Siyasi Məktəbi” layihəsi haqqında məlumat verib: “Layihə bizim təşəbbüsümüz və “PAŞA Holding” MMC-nin dəstəyi ilə uğurla icra edilib. Layihənin məqsədi Sabiradabad gənclərinin siyasi fəallığının artırılmasından ibarətdir. Layihə çərçivəsində Heydər Əliyevin siyasi fəaliyyəti 6 dövr üzrə rəmzi seçilmiş məkanlarda öyrənilib. Birinci dövr Heydər Əliyevin tələbəlik və gənclik illərini əhatə edib. İkinci dövr Ulu Öndərin dövlət təhlükəsizlik orqanlarında işlədiyi dövrlə bağlı olub. Üçüncü dövr Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi illəri əhatə edib. Dördüncü dövr böyük dövlət xadimi Heydər Əliyevin Kremldə çalışdığı illərlə bağlıdır. Beşinci dövr isə 1987-1993-cü illəri əhatə edib. Layihənin altıncı hissəsi 1993-2003-cü illərlə əlaqədardır. 1918-ci ilin mayında Azərbaycan istiqlal bayrağını ucaltdı, müstəqilliyini elan etdi. Bu tarixi bir hadisə idi. Bu müstəqilliyi elan edən şəxsiyyətlər intellektuallar olub. Lakin onların hamısı birlikdə Azərbaycanın istiqlalını cəmi 23 ay qoruyub saxlaya bildilər. 1993-cu ilin iyun ayında da Azərbaycan öz müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üzbəüz idi. Bu zaman xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Azərbaycanın istiqlal bayrağını o çətin günlərdə zirvəyə qaldırdı və müstəqilliyimizi dönməz etdi. Ona görə də Heydər Əliyevin 1993-cü ilin 15 iyun tarixində hakimiyyətə qayıdışı xalqımızın qurtuluşudur”.
YAP Veteranlar Şurasının üzvü Əli Həsənov çıxışında bildirib ki, Heydər Əliyev həm SSRİ dövründə, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi zaman müstəsna fəaliyyət göstərib, misilsiz işlər görüb: “Heydər Əliyevdə fitri istedad, bacarıq və cəsarət, Vətəninə, xalqına, torpağına bağlılıq var idi. Yəni idarəçilik üçün nə tələb olunurdusa, hamısı var idi. Ulu Öndər 1969-cu ilin iyul ayında Azərbaycanın rəhbəri seçildikdən sonra qısa müddət ərzində respublikamızı ittifaq miqyasında ön sıralara çıxardı. Həmin dövrdə Azərbaycan hər bir sahədə böyük nailiyyətlərə imza atdı. Heydər Əliyevin 1969-1982-ci illərdəki idarəçilik sistemi o vaxtkı SSRİ-nin bütün rəhbərlərinə nümunə idi. Daha sonra Ulu Öndər Heydər Əliyev SSRİ-də yüksək vəzifəyə irəli çəkildi və Onun nəzarətində olan hər bir sahədə tərəqqi baş verdi. Moskvada işlədiyi zaman Heydər Əliyev ittifaq respublikalarının inkişafında da böyük xidmətlər göstərdi”.
Çıxış edən “Heydər Əliyev siyasi məktəbi” layihəsinin iştirakçısı Nuranə Hüseynzadə bildirib: “Ulu Öndər Heydər Əliyevin 100-illiyinə həsr edilmiş Heydər Əliyev siyasi məktəbi layihəsinin iştirakçısıyam. Belə bir layihənin keçiriləcəyini öyrənəndə çox böyük həvəslə layihənin iştirakçısı olmaq istədim. Çünki bir şəhid bacısı kimi hesab edirəm ki, Heydər Əliyevin həyatını, siyasi irsini öyrənmək mənim mənəvi borcumdur. Layihə ərzində Ulu Öndərin gənclik illəri ilə bağlı Naxçıvandakı görüşlərimizdən başlayaraq, bu günə kimi Heydər Əliyevin həyatının hər dövrünü öyrəndik, Ulu Öndəri şəxsən tanımış, hətta onun rəhbərliyi altında işləmiş şəxslərlə görüşlərimiz keçirildi. Həm mənim, həm də digər layihə iştirakçıları üçün böyük şərəfdir ki, biz belə bir dahi insanın həyat yolunu ziyalıların sözlərindən öyrənə bilirik. Layihədən əvvəl də, əlbəttə ki, biz Ulu Öndər haqqında kitablar, məqalələr oxuyurduq, videofilmlər izləyirdik, valideynlərimiz bizə onun haqqında danışırdı. Lakin bu layihə sayəsində tarixi incəliklərlə öyrənmək şansımız oldu. Biz gənclər, şəhid ailələri, həmişə Heydər Əliyev irsinin ətrafında sıx birləşmişik, bundan sonra da bu prinsipial yolla getməyə davam edəcəyik”.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Sonda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrinin ifasında bədii hissə təqdim olunub.